Vergilər Nazirliyi, 1 oktyabr 2013-cü il tarixinə Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatı açıqlayıb.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, hesabat dövründə fondun vəsaitlərinin miqdarı 21 milyon 376 min 196 manat təşkil edib ki, bu miqdar da fonda elə hesabat dövründə daxil olub.
Fondun xərcləri isə 7 milyon 81 min 436 manat və ya fonda daxil olmuş vəsaitin 33,1% həcminə bərabər olmuşdur. Hesabat dövrünün sonuna Fondda qalıq isə 14 milyon 294 min 759 manat təşkil edib.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra təsdiq edilmişdir.
Həmin fərmana əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.