Rusiya paytaxtında iğtişaşlara səbəb olan qatilin azərbaycanlı olub-olmadığı hələ məlum deyil.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya hüquq-mühafizə orqanları 25 yaşlı İqor Şerbakovu qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir:
“Əgər həmin şəxsin azərbaycanlı olduğu məlum olsaydı, bu barədə bizə məlumat verərdilər”.
E.Səmədov dünən Brulyova rayonunda baş verən iğtişaşlarda Azərbaycan vətəndaşlarının xəsarət almadığını da bildirib:
“Ticarət Mərkəzində və meyvə-tərəvəz bazasına hücumlar zamanı döyülənlər Orta Asyadan olanlardır. Azərbaycanlıların xəsarət alması ilə bağlı heç bir məlumat yoxdur”.
Brulyova rayonunda xeyli sayda həmyerlilərimizin yaşadığını söyləyən Azərbaycan DİN-in nümayəndəsi bildirib ki, qətli törədən şəxsin hansı milliyyətə məxsus olub-olmaması önəmli deyil:
“Cinayətkarın milliyyəti olmur. Qətli törədən şəxs mütləq yaxalanıb, cəzalandırılmalıdır”. E.Səmədov Brulyova rayonunda yaşayan həmyerlilərimizi diqqətli olmağa çağırıb.
Qeyd edək ki, oktyabrın 13-də Moskvanın Brulyova rayonunda yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər “Biryuza” Ticarət Mərkəzinə və meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.
Rusiya polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Lakin Lent.az-ın əldə etdiyi məlumata görə, Yeqor Şerbakovun azərbaycanlı şaurma satıcısı tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb. Yerli “Gümüş yağış” radiosu verdiyi məlumata görə, adı açıqlanmayan həmyerlimizin “Pokrovskaya” tərəvəz bazarında çalışdığı bildirilir.
Yayılan xəbərlərə əsasən, şaurma alverçisi Şerbakovun qız tanışına sataşıb. Bu zaman yerli sakinlə həmyerlimiz arasında mübahisə baş verib. Satıcının bıçaq zərbəsindən sonra Şerbakov ölüb. Moskvalılar əvvəlcə polis şöbəsinə gələrək, onun qatilini tapmağı tələb ediblər.