Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri 18 milyard 495 milyon manat, kəsiri 1 milyard 673 milyon manat məbləğində təsdiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabında öz əksini tapıb.
“2016-cı il üzrə qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 45,2% olmaqla 7 597 manat proqnozlaşdırılıb ki, bu da 2015-ci ilin proqnozundan 10,5% bəndi, 2014-cü ilin faktiki göstəricilərindən isə 11,2% bəndi çoxdur.
Neft sektorundan 1 milyard 610 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 180 milyon manat və yaxud 10,1% azdır”, - deyə nazirlikdən qeyd edilib.
Nazirlikdən həmçinin qeyd edilib ki, 2016-cı il ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 7 milyard 615 milyon manat olacağı proqnozlaşdırılır.
“Dövlət büdcəsi xərclərinin, əsasən də dövlət əsaslı vəsait qoyuluşu və digər əsaslı xərclərin azalması, öz növbəsində dövlət büdcəsi xərclərinin strukturunda müvafiq dəyişikliyin edilməsini şərtləndirib.
Belə ki, 2016-cı ilin dövlət büdcəsi xərclərinin tərkibində keçən illə müqayisədə cari xərclərin xüsusi çəkisi 10,5%, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,3 dəfə artmış, əsaslı xərclərin xüsusi çəkisi isə 50,7% azalıb”, - deyə nazirlikdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az