Cari ilin yanvar-noyabr aylarında əsas kapitala 16 milyard 658.9 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcminin 8.5 faiz azalmasına baxmayaraq, qeyri neft-qaz sektoruna yatırılan investisiyalar 8.3 faiz artıb.
İstifadə olunmuş investisiyanın 8 milyard 421.2 milyon manatı və ya 50.6 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 614.3 milyon manatı və ya 33.7 faizi xidmət sahələrinə, 2 milyard 623.4 milyon manatı və ya 15.7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 987.5 milyon manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitlərin 12 milyard 687.9 milyon manatı və ya 76.2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.