Avqust ayının 1-nə olan məlumata görə, “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi (CQD) layihəsindəki payını maliyyələşdirmək üçün 10 mlrd. 174,5 mln. dollar məbləğində kredit cəlb edib.
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, buraya Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış cəmi 2,5 milyard ABŞ dolları məbləğində istiqrazlar, İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı, 2016-cı ilin mart ayında nominal dəyəri 1 milyard dollar olan avrobondların (ilk buraxılış) və 2017-ci ilin martında nominal dəyəri 1 milyard dollar məbləğində avrobondların (təkrar buraxılış) emissiyası vasitəsilə əldə edilən vəsaitlər daxildir.
Bundan başqa, “Cənub Qaz Dəhlizi” QSC layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait alıb. Beynəlxalq maliyyə institutlarından ümumilikdə 3 mlrd. 274,5 mln. dollar cəlb olunub.
Bu vaxtadək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankından (ADB) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit və Dünya Bankı (World Bank) Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb olunub.