Sankt-Peterburqda RİK regional idarəsinin əməkdaşları yerli Coca-Cola zavodunun direktorunun qətlinin üstünü açıblar.
Oxu.Az “Komersant”a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, cinayətin direktorun peşə fəaliyyətinə aidiyyatı olmayıb. Sadəcə qəsbkarlıq ucbatından törədilib, cinayətkarlar direktora məxsus olan avtomobilə və onun üzərində olan pullara sahib çıxmaq istəyiblər.
“Coca-Cola ABC Avrasiya” Peterburq zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin itkin düşməsi barədə polisə onun anası keçən bazar günü xəbər verib. Onun sözlərinə görə, cümə günü səhər Partizan German küçəsində yerləşən evindən çıxıb və bir daha geri qayıtmayıb. İki gün ərzində Dmitri Soşnevin qohumları və dostları onun bütün tanışlarına, xəstəxana və morqlara zəng edərək onu tapmağa çalışsalar da bir nəticə əldə edə bilməyiblər.
Cinayət axtarış əməliyyatçıları itkin düşən şəxsin tanış və qohumlarını dindiriblər, onun avtomobili axtarışa verilib. Maşını bir sutka sonra Frunzesk rayonunda ticarət mərkəzlərinin birinin parkında tapıblar. Maşının qarət edilməsi ilə bağlı və ya salonda hər hansı bir iz tapılmayıb.
Çərşənbə axşamı RİK-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinə dair cinayət işi açılıb. Artıq dünən RİK regional idarəsində cinayətin üstünün açılması və iki nəfərin saxlanılması barədə məlumat verilib. Qeyri-rəsmi məlumata əsasən onların izinə itkin düşmüş direktorun telefonundan edilən zənglər sayəsində düşüblər. Son zənglərdən biri Azərbaycan vətəndaşı Denis Çxitauriyə məxsus idi.
İstintaqın məlumatına görə, noyabr ayının 28-də Dmitri Soşnevlə çoxdan tanış olan 28 yaşlı Denis Çxitauri, onunla Frunzesk rayonu qarajlar ərazisində görüş təyin edib.
Dmitri Soşnev görüş yerinə gəldikdə Denis Çxitauri ilə bərabər onu, RİK-in verdiyi məlumata əsasən 2007-ci ildə ov silahı ilə adam öldürdüyü üçün 7 il həbs cəzası alan, 46 yaşlı Vyaçeslav Finogenov da gözləyirdi.
Bu dəfə də o özü ilə silah gətirmişdi. İstintaqın versiyasına görə, Vyaçeslav Finogenov cənab Soşnevə atəş açıb, sonra isə cinayətkarlar direktorun yanında olan 150 min rublu, avtomobilin sənədlərini mənimsəyiblər.
Müstəntiqlər ehtimal edirlər ki, Denis Çxitauri və Vyaçeslav Finogenov cənab Soşnevin qətlini əvvəlcədən planlayıblar. Onlar direktorun BMW markalı avtomobilini minimum 1 milyon rubla satmağı düşünüblər. Bundan başqa onlar nağd pula da ümid ediblər, belə ki, cinayətkarların ehtimalına görə, cənab Soşnevin yanında həmişə böyük məbləğdə nağd pul olurdu.
Müstəntiqlərin ehtimalına görə, cinayətkarlar onun vəzifəsi və iş yeri barədə heç nə bilmirdilər, ona görə də onun qətlinin doğurduğu rezonansdan qorxublar. Gizlənməyi qərara alan cinayətkarlar Soşnevin avtomobilini onu elə sahibinin park etdiyi yerdə qoyublar. Özləri isə Peterburqa yola düşüblər.
Şübhəli bilinən şəxslərin saxlanılmasına dair detalları müstəntiqlər açıqlamırlar, onları Leninqrad vilayəti ərazisində saxlayıblar.
Cinayət axtarış əməliyyatçıları tərəfindən saxlanıldıqdan dərhal sonra onlar ifadə veriblər, qətlə yetirdikləri şəxsin cəsədini gizlətdikləri qarajın yerini bildiriblər və silahı təhvil veriblər.
Bu gün məhkəmə saxlanılan şəxslərin həbsi haqqında istintaqın ərizəsinə baxmalıdır.