Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29 ərəfəsində bütün dövlətlər "çiynini yükün altına" verməlidir
Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhdlərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq və COP29-a dəvət almış ölkələrin hər biri "çiynini yükün altına" verəcək.
Bunu "Report"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçının sözlərinə görə, COP29 yaşıl enerji sahəsində həm potensial alıcı, həm də maliyyə məsələsində partnyorların cəlb olunması və Azərbaycanın yaşıl enerji sahəsində investisiya layihələrinin formalaşdırılmasında mühüm rol oynayacaq:
"Sözügedən partnyorlar olmadan bu layihələrin həyata keçirilməsi mümkünsüzdür. Partnyorların cəlb olunması təkcə maliyyə mənbəyi demək deyil. Böyük ölkələrlə münasibətlərin formalaşması layihənin davamlılığına şərait yaradır, onun beynəlxalq statusunu möhkəmləndirməklə yanaşı, satıcı və alıcı bazarını formalaşdırır. Yəni kiçik ölkənin özü özünü maliyyələşdirməsi layihənin təhlükəsizliyinin təmini baxımından da çətinlik yaradır. Çünki bütün pulu bir ölkə qoyacaqsa, riskləri də o daşıyacaq".
Ekspert bildirib ki, layihənin qazanclı olması üçün onun davamlı, uzunmüddətli, etibarlı və təhlükəsiz şəkildə irəliləməsi vacibdir:
"COP29 kimi böyük layihələrə nə qədər çox beynəlxalq oyunçu dəvət olunsa, onların beynəlxalq dəstəyi də təmin edilmiş olur. Həmin dövlətlərlə əlaqələri gücləndirdikdə beynəlxalq qurumlarla münasibətlər də yaxşılaşır. Bu zaman həmin layihə beynəlxalq əhəmiyyətli layihəyə çevrilir. Buna görə mütləq şəkildə maliyyə dəstəyi olmalıdır. Əgər olmasa, belə böyük tədbirlərin həyata keçirilməsi həddən artıq risklidir. Hamının bir növ "çiynini yükün altına" verməsi vacibdir".
X.Kərimli yaşıl gündəliyin tətbiqi habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması sayəsində ölkə iqtisadiyyatında yeni iş yerlərinin yaranmasına səbəb olacaq həcmdə yerli mütəxəssislərin, bu sahə üzrə təhsil müəssisələrinin, ixtisasların və bölmələrin formalaşmasına zəmin yaradacağını qeyd edib:
"Azərbaycanın ənənəvi neft-qaz sahəsində yetərincə bilik və təcrübəsi var. Azərbaycana bu kontekstdə texnoloji transferin reallaşması mümkün görünür. Texnoloji transfer reallaşdıqdan sonra alternativ enerji sahəsində yüksəktexnologiyalı avadanlıqların Azərbaycanda təmiri və saxlanılması prosesi o qədər də asan məsələ deyil. Çünki həmin avadanlığın Azərbaycana gətirilməsinin mənfi və müsbət tərəfləri haqqında ətraflı düşünmək lazımdır. O cümlədən, həmin avadanlıqların xarici şirkətlərlə birgə istehsalı üçün imkanların mümkünlüyünü də müzakirə etmək lazımdır. Azərbaycanın imzaladığı müqavilələr və memorandumlar bu sahədə yetərincə işlər görüldüyünü göstərir".
İqtisadçı enerjinin istehsalı ilə yanaşı, satışının da vacib olduğunu deyib:
"Hazırda Azərbaycanda enerji satışı üçün əsas iki kanal var. Birincisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya çatdırılma, ikincisi isə Zəngəzur dəhlizi vasitəsilə istehsal edilmiş enerjini Naxçıvandan Türkiyəyə, oradan da xaricə ixrac etməkdir. Hazırda Qara dənizin dibi ilə enerji ixracını həyata keçirməyə çalışırıq. Bu məsələyə partnyorlar cəlb edilir. Lakin unutmaq olmaz ki, satış bazarları olmasa, enerji istehsalının kəskin artırılmasının da mənası yoxdur".
X.Kərimli COP29-da yaşıl enerjinin təşviqi prosesində müxtəlif həcmli biznes subyektləri üçün yeni qazanc sahələrinin yaranmasına, həmçinin xərclərin optimallaşdırılmasına da müsbət təsirin olacağını vurğulayıb:
"Ümumiyyətlə, dövlət fərdi və biznes təsərrüfatlarında yaşıl enerjini elektrik şəbəkələrinə satmaq hüququ formalaşdırmaq üçün bu sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Vətəndaşlar və biznesmenlər bu prosesə təşviq olunmalıdır. Məsələn, vətəndaş evinin üstünə günəş paneli qoyubsa, özünə lazım olan enerjini akkumulyasiya etdikdən sonra qalan həcmi şəbəkəyə sata bilməlidir. Düşünürəm ki, bu cür qanunvericilik təşəbbüsləri yaradılsa, bu sahədə vətəndaşlar və biznesmenlər iştirak edə bilərlər".
COP29-un gündəliyində də qeyd olunduğu kimi, iqlim məqsədlərinə çatmaq üçün ticarətin yaşıllaşdırılması ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsi kollektiv şəkildə genişləndirilməlidir. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.
"COP29" teqi üzrə xəbərlər
- Avropa Komissarı: "COP29 sədrliyinin əzmkarlığı təqdirəlayiqdir"
- COP29-un bağlanış plenar iclasından tarixə düşən GÖRÜNTÜLƏR
- Saymon Still: "Azərbaycana iqlim maliyyələşməsində çətin hədəfə nail olduğu üçün təşəkkür edirəm"
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Vopke Hukstra: "Bir çox ölkələr qalıq yanacaqdan imtina etməkdə qərarlıdırlar"