Daşınmaz əmlakın təbii fəlakətlərdən sığortası əmlak sığortasının tərkib hissəsidir. Əmlak sığortasının isə 2 növü var: İcbari və könüllü. İcbari sığortanın məbləği və sığorta haqqı Qanunla müəyyən olunur. Bu göstərici isə bölgələr üzrə fərqlidir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qanunvericiliyə görə, Bakı şəhəri üzrə sığorta məbləği 25 min manat, illik sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində sığorta məbləği 20 min, sığorta haqqı 40, digər yaşayış məntəqələrində sığorta məbləği 15 min, sığorta haqqı 30 manatdır.
Bu o deməkdir ki, zəlzələ, sel, sürüşmə, vulkan püskürməsi kimi təbii fəlakətlər zamanı sizin əmlakınıza dəyən zərərin yalnız sığorta məbləğinə bərabər hissəsi ödəniləcək.
Lakin əmlakın təbii fəlakətlərdən sığortasının könüllü növü də var.
Bu zaman siz öz əmlakınızı istənilən məbləğdə sığortalada bilərsiniz. Şirkətlər adətən əmlakın yanğın, ildırım və partlayışdan sığortasını təklif edirlər. Zəlzələ və digər təbii fəlakətlər əlavə risk kimi müqaviləyə daxil edilir.
“Sığorta şirkəti bizə deyir sizin əmlakınızı əsas risklərdən, məsələn yanğın və partlayışdan 0,12%-lə sığortalayıram. Və sizdən soruşur, əlavə risklərdən sığortalanmaq istəyirsinizmi? Siz deyirsiz bəli. Bu zaman həmin hadisələrin, zəlzələnin baş vermə riskindən asılı olaraq əlavə məbləğ gəlir” - deyə, sığorta üzrə ekspert, Xəyal Məmmədxanlı bildirir.
Bu cür əlavə risklərə görə sığorta məbləği adətən 0,1% həcmində olur. Bu faizlər toplanır və əmlakın ümumi dəyərinə vurulur. Məsələn, sizin 100 min manatlıq eviniz 0,25% qiymətləndirilibsə, deməli illik 250 manat sığorta haqqı ödəməlisiz. Amma əmlakın yerləşdiyi bölgənin coğrafi xüsusiyyətlərindən asılı olaraq risklər aşağı və ya yuxarı faizlə qiymətləndirilə bilər.