Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda xidmətlərin göstərilməsinə start verib.
Oxu.Az xəbər verir ki, ƏMDK-dən verilən məlumata görə, bu aydan etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri də alınıb.
İlk belə xidmətlərdən daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin sakinləri faydalanıb. Belə ki, aprel ayında Sumqayıt şəhərində sakinlər üçün yaşayış ünvanlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi nəqliyyat vasitəsində qeydiyyat xidmətləri göstərilməyə başlanılıb.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib.
ƏMDK tərəfindən belə xidmətlərin daxil olan müraciətlər əsasında aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Abşeron və Xaçmaz rayonlarında da təşkili nəzərdə tutulur. Növbəti aylarda da belə xidmətlərin Bakı və regionlar üzrə təşkili davam etdiriləcək.
Bundan əlavə, bu ilin mart ayının 3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar onlayn xidmətlərin tətbiqinə başlanılıb. Eyni zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər istifadəyə veriləcək.
Bundan əlavə, yaxın gələcəkdə vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə biləcəklər.
Gülnarə Zeynalova
www.oxu.az