Xəbər verildiyi kimi, Türkiyə, İran və İraq qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından imtina edib. Bu ölkələr bundan sonra idxal-ixracı barter yolu ilə həyata keçirəcək. Bununla da rəsmi Vaşinqtonun siyasətinə cavab veriləcək.
Qeyd edək ki, Rusiya da dollar məsələsində dialoqa açıq olduğunu bildirib. Ölkənin sənaye və ticarət naziri Denis Manturov yerli istehsalçıların Türkiyə ilə avtomobil ehtiyatı hissələri ticarətində dollar yerinə milli valyutadan istifadə edəcəklərini açıqlayıb.
Nəzərə alsaq ki, beynəlxalq ticarət əməliyyatları, əsasən, dollarla aparılır, bu valyutadan tamamilə imtina mümkündürmü?

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur:
“Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdüsə, indi Türkiyədən dollardan imtinaya daha çox çağrışlar var. Əvvəlki dövrlərdə dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib.
Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır”.
V.Bayramov deyir ki, strateji məhsulların yalnız dollarla satıldığını nəzərə alsaq, ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda, qlobal ticarətdə hegemonluğunu qoruyub-saxlayır:
“Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemunluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur. Məsələ ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr də, öz pullarını dollar üzərindən konvertasiya etməlidirlər.
Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payını azaltmaq istəsələr də, alternativ olaraq avrodan istifadə edilməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək, daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər”.