Dövlət Gömrük Komitəsi (DGK) bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş (GMO) məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yayılan yanlış məlumatları şərh edib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.
“Kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir.
Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılantaranın üzərindəki etiketlərə baxış keçirilir”-deyə, DGK qeyd edib.
“Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.
Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir”-deyə, komitədən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az