Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hökumətə dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin buraxdığı tüstünün tərkibindəki zərərli maddələrin miqdarını, həmçinin ölkədə istifadə olunan yanacağın keyfiyyətini tənzimləyən Avro-3 standartına keçid haqqında təkliflər təqdim edib.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi Dövlət Komitəsinin Standartlaşdırma və texniki tənzimləmə şöbəsinin rəhbəri Namiq Tağıyev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində Avro-3 standartının tətbiqi Nazirlər Kabinetində müzakirə olunur. Müvafiq qərar yaxın günlərdə qəbul olunacaq.
“Gələn ilin yanvar ayından başlayaraq Avro-3 standartı qüvvəyə minir, növbəti illərdə isə Avro-4 və Avro-5 standartlarının mərhələli tətbiqi başlayır” – deyə, şöbə müdiri bildirib.
Bu prosedur həm avtomobilləri, həm də respublikada istehsal olunan yanacağı əhatə edir.
SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) də Avro-3 standartının tətbiqinə hazırdır.
Bu gün ölkədə Avro-3 ekoloji standartı avtomobil və onların ehtiyat hissələrinə münasibətdə tətbiq olunur.
Hər növbəti Avro standartına, məsələn Avro-3-dən Avro-4-ə keçid təxminən1 milyard dollar pul tələb edir.