Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Dövlət Taxıl Fondu üçün FHN-in “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N.Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz ASC” və “Aveta” MMC müəssisələri vasitəsilə avqustun 12-dən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 220 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbuluna başlayır.
Bildirilir ki, keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir.