İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumu çərçivəsində "COP28 və qarşıdakı yol" mövzusunda sessiyada çıxış edib. Tədbirdə həmçinin, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol, ENGİE Qlobal Enerji Şirkətinin icraçı direktoru Ketrin Makqreqor mövzu barədə moderator, ABŞ-ın “The Washington Post” media qurumunun icraçı redaktoru Salli Bazbinin suallarını cavablandırıblar.
Oxu.Az xəbər verir ki, COP-28-in əsas nailiyyətləri barədə fikirlərini bildirən Azərbaycanın iqtisadiyyat naziri enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından uğurları diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan COP29-un ev sahibi olaraq bu sahədə tədbirlərin uğurlu şəkildə həyata keçirilməsi öhdəliyini tam məsuliyyəti ilə anlayır. Ölkəmiz COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır. Bildirilib ki, beynəlxalq maliyyə təşkilatları bu məsələdə mühüm tərəfdaşlardır. Bununla yanaşı, prosesə özəl sərmayənin cəlbi də təşviq edilməlidir. Enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsində hökumətlərdən çox şey asılıdır.
Sessiyada Azərbaycanın enerji keçidi prosesində həyata keçirdiyi tədbirlər, əldə edilən nəticələr və qazanılan təcrübə barədə məlumat verilib:
“Biz ölkənin gəlirlərindən, o cümlədən qalıq yanacaqlardan əldə olunan gəlirlərdən enerjiyə keçidə başlamaq üçün istifadə etmişik. Xüsusilə, 2030-cu ilə qədər enerji tələbatının 30%-nin bərpa olunan mənbələr hesabına ödənilməsi hədəfimizdən xeyli irəlidəyik. Bugünkü səviyyədə səylərimizi davam etdirsək, 2028-ci ilə qədər bu hədəfə nail ola bilərik”.
11:12
“Davos İqtisadi Forumu çərçivəsində keçirilən “COP28 və Qarşıdakı Yol” sessiyasında Azərbaycanın yaşıl enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verdik”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
O bildirib ki, sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.
“Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilərimizi ifadə etdik”, - deyə nazir bildirib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirilən "#COP28 və Qarşıdakı Yol" sessiyasında Azərbaycanın "yaşıl" enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin #dayanıqlıenerji potensialı barədə… pic.twitter.com/QMIZCqyD3P
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024