Azərbaycanın Turizm Assosiasiyası (AzTA) ölkədə çimrəlik turizminin müsbət inkişaf dinamikasından xəbər verir.
Oxu.Az-ın abc.az-a istinadən verdiyi xəbərə görə, AzTA-nın rəhbəri Nahid Bağırov cari ilin əvvəlindən əcnəbilərin ölkəmizdə çimərlik turizminə marağında ciddi artımın müşahidə olunduğunu bəyan edib.
“Xəzər dənizinin sahilyanı zonalarında bir neçə beşulduzlu otel fəaliyyət göstərir və daha bir neçə otel açılacaq. Belə otellər dəniz sahilinə yaxın yerləşir, həmçinin keyfiyyətli hovuzları və servisləri var. Məhz xidmətlərin bu keyfiyyəti əcnəbilərin, xüsusilə də Azərbaycanda işləyən və yerli otelləri seçənlərin tələbatını ödəyir” – deyə, N.Bağırov bildirib.
Onun sözlərinə görə, belə beşulduzlu otellərdə turistlərə kifayət qədər keyfiyyətli xidmətlər göstərirlər, qiymətlər sutkada 100 manat civarında dəyişir və bu, xaricdəki analoji otellərdən baha deyil.
“Digər məsələ isə ondadır ki, iki-üç ulduzlu otellər çatışmır. Lakin bu problem də Mədəniyyət və Turizm Nazirliyi tərəfinin tövsiyyələri əsasında tədricən həll olunur” – deyə, N.Bağırov bildirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin