Azərbaycanda bankların sayı çoxdur. Bu banklar birləşərək daha güclü banklar yaratmalıdırlar.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu İsveçrənin “BCP” bankının vitse-prezidenti Davut Çelik bildirib.
“Azərbaycan Beynəlxalq Bankı digər banklar ilə müqayisədə çox güclü bankdır və bazar payı böyükdür. Azərbaycanın digər kiçik bankları yalnız birləşərək böyük bank ilə rəqabət apara bilərlər. Banklar birləşərsə, bank sistemi güclənər, bank xidmətlərinin o cümlədən kreditlərin qiyməti aşağı düşər. Banklar böyük olarsa, daha yaxşı işləyə bilərlər”, - o deyib.
Bankların maliyyələşməsinə toxunan Davut Çelik qeyd etdi ki, Azərbaycan banklarına xaricdən maliyyə vəsaiti cəlb etmək əmanət yığmaqdan daha sərfəlidir:
“Əmanət toplamaq üçün xərc çəkilir, bunun üçün filiallar olmalıdır. Sindikatlardan isə pulu topdan və daha ucuz cəlb etmək mümkündür. Azərbaycan banklarına sindikatlaşdırılmış kredit, Libor faiz dərəcəsi +3-3,5 şərti ilə cəmi 5-6%-ə başa gəlir”.
Davut Çelik əlavə etdi ki, Azərbaycanın digər bankları ilə həm ikili, həm də sindikat vasitəsilə əməkdaşlıq etməyə hazırdırlar.
Qeyd edək ki, İsveçrənin “BCP” bankı (Banque de commerce et de Placements) ticarətin maliyyələşdirilməsi və sərvətlərin idarə edilməsi üzrə ixtisaslaşıb. “BCP” Azərbaycan bankları ilə xeyli müddətdir əməkdaşlıq edir.