Hal-hazırda neftin qiymətinin dünya birjalarında artmasının səbəbi ABŞ-da neft buruqlarının sayının azalaraq, 350-yə çatmasıdır.
Bu sözləri Oxu.Az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin artmasının səbəblərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, neftin qiymətinə ABŞ-da hava şəraitinin pisləşməsi və bununla əlaqədar elektrik enerjisindən istifadənin çoxalması da təsir göstərib:
“Bu həftənin əvvəlindən Amerikada qasırğalar baş verdi. Bununla əlaqədar elektrik enerjisindən istifadənin pik həddi qeydə alındı. İstehlakçılar çoxlu enerji istifadə etdilər”.
Onun sözlərinə görə, cümə günü ABŞ-da neft ehtiyatlarının həcmi açıqlanacaq, bundan sonra neftin qalxıb ya da azalması barədə dəqiq məlumat əldə edəcəyik:
“ABŞ-ın özünün neft ehtiyatları var və onların həftəlik həcmləri açıqlanır. Bu isə cümə gününə təsadüf edir. Cümə günündən sonra nə baş verəcək? Əsas məsələ odur. Neft ehtiyatı anbarlarda proqnozdan çoxdusa onda qiymət düşəcək. Qiymət 5 dollara da düşə bilər. Açıqlasalar ki, proqnozdan çox işlənib, bu zaman qalxa da bilər, 60 dollar da ola bilər. Hər şey bu faktorlardan asılıdır”.
Neftin qiymətinin artmasının rubla təsirinə toxunan ekspert bildirdi ki, hal-hazırda hardasa təqribən 1 rubl Rusiyanın valyutası möhkəmlənib.
Qeyd edək ki, Brent markalı neftin bir barel üçün qiyməti İCE birjasında fevral ayının 3-də ticari sessiya zamanı 57 dollar səviyyəsinə çatıb. WTI markalı neftin qiyməti bir barel üçün 50 dollardan baha olub.
Xatırladaq ki, neftin qiymətləri 2014-cü ilin payızından başlayaraq bir neçə ay müddətində 101 dollar səviyyəsindən bir barel üçün təxminən 40 dollara qədər ucuzlaşıb.
Ülviyyə R. Əli
www.oxu.az