200 və 500 manat nominallı əskinasların dövriyyəyə buraxılması nə iqtisadi, nə də sosial baxımdan izahı yoxdur.
Bunu “Exo”ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
“Bir tərəfdən böyük nominallı pulların dövriyyəyə buraxılması tənzimləmə prosesini çətinləşdirəcək, digər tərəfdən diskriminasiya yarada bilər. Bəzi ölkələrdə nominalı ölkə üzrə orta əmək haqqından çox olan əskinaslar dövriyyəyə buraxılmır. Azərbaycanda orta aylıq əmək haqqı 400 manat civarında dəyişirsə, o zaman 500 manatlıq pulların dövriyyəyə buraxılması məqsədəuyğun deyil” – V.Bayramov hesab edir.
Müstəqil iqtisadçı Oqtay Haqverdiyev də oxşar mövqedən çıxış edir.
Ekspertin “Exo”ya bildirdiyinə görə, böyük nominallı pulun dövriyyəyə buraxılması məsələsi ətrafında ajiotaj başlayarkən, o, bunun 2015-ci ildən tez baş verməyəcəyini demişdi:
“Böyük pulun dövriyyəyə buraxılması böyük inflyasiyadan xəbər verir. Lakin bizdə inflyasiya yoxdur. Alıcılıq qabiliyyəti də nisbətən aşağıdır. Bundan çıxış edərək, dövriyyəyə nisbətən az nominallı pullar buraxılır”.
Qeyd edək ki, Azərbaycanda böyük nominallı yeni əskinasların dövriyyəyə buraxılması məsələsi sonrakı illərədək təxirə salınıb.
Bu barədə bu günlərdə Trend-ə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, bu təkcə 2013-cü ilin 1 fevral tarixindən MBA-nın kommersiya banklarıan verdiyi 100 manatlıq hər bir əskinasa 0,3 faizlik komissiya haqqının tətbiqi ilə bağlı deyil.
“Bu təkcə həmin qərarla bağlı deyil. 200 və 500 manatlıq pulların buraxılması mühüm məsələ olsa da, bu ilin gündəliyində dayanmır Dövriyyədə kifayət qədər nağd pul var. Bu məsələ sonrakı illərdə aktuallaşacaq” – deyə, Quliyev bildirib.
AMB İdarə Heyətinin sədri Elman Rüstəmovun əvvəllər bildirdiyinə görə, dövriyyədə olan 50 və 100 manatlıq əskinasların xüsusi çəkisi son illərdə xeyli artıb və dövlət üçün ağır maliyyə yükünə çevrilib:
“Beynəlxalq təcrübəyə əsasən, belə pulların ümumi payı 60-65%-i keçməməlidir. Bizim hesablamalarımıza görə, yaxın beş ildə 200 və 500 manatlıq böyük əskinasların dövriyyəyə buraxılması 10 milyon avroyadək vəsaitə qənaət etməyə imkan verəcək”.
Exo
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin