Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin analoji dövründə əhalinin gəlirləri 6,3% artaraq, 10,3 mlrd. manata çatıb, Dövlət Statistika Komitəsi xəbər verir.
Hesabat dövründə əhalinin adambaşına düşən gəlirlərinin məbləği 1108 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətləri indeksini 3,5% qabaqlayaraq, 4,9%-ə çatıb. Qeyd etmək yerinə düşər ki, bu dövr ərzində əhalinin gəlirlərinin 69,4%-i sonuncu istehlaka, 9,3%-i vergi və üzvlük haqlarının ödənilməsinə, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə və nəhayət 19,5%-i yatırımlar və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 6,1% artıb və 9,3 mlrd. manat təşkil edib.
Əhalinin pul gəlirlərinin artmasını “Exo”ya şərh edən “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, bu, yeni xəbər deyil və Azərbaycanda əhalinin gəlirləri hər il artır:
“Bununla əlaqədar, əhalinin gəlirləri ilin sonunadək artacaq”.
Qeyd edək ki, Statistika Komitəsinin məlumatlarına görə, 2005-2012-ci illər ərzində əhalinin gəlirləri stabil olaraq artır. 2005-ci ildən 2011-ci ilədək olan müddətdə isə orta artım 124,7% təşkil edib.
Davamlı inkişaf araşdırmalar mərkəzinin sədri Nəriman Ağayev də əhalinin gəlirlərinin artması ilə razıdır.
Belə ki, mərkəzin direktorunun “Exo”ya bildirdiyinə görə, sabit iş yeri olan, həmçinin varlı insanların gəlirləri artıb. Lakin sabit iş yeri olmayan insanların gəlirləri dəyişilməz qalıb, ekspert deyir:
“Artım sahibkarlarda, həmçinin ticarət sektoru və dövlət qulluğunda çalışan şəxslərdə müşahidə olunur”.
N.Ağayevin fikrincə, əhalinin gəlirləri artır.
“Əhalinin məcburi ehtiyaclarının ödənilməsinə yönəltdiyi vəsaitlərin həcmi də artır. Gəliri 1000 manatdan çox olan insanların istirahət və restoranların ziyarətinə çəkdikləri xərclər artıb. Gəlirləri 500 manatdan az olan şəxslərə gəldikdə isə, onlar birinci dərəcəli ehtiyaclarının (sağlamlıq, uşaqların təhsili, istehlak xərcləri) ödənilməsi ilə məşğuldurlar” – deyə, ekspert hesab edir.
Exo
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin