Cari ilin sentyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 1 042 712 nəfər istifadə edib. Bu göstərici ilə qeyd olunan elektron xidmət növü “Elektron hökumət” portalında (www-e-gov.az) ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim etdiyi siyahıda birinci yerdədir.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətindən yararlanan vətəndaşların sayı da getdikcə artır.
“Son bir ayda bu xidmət növü 73 055 nəfər istifadəçi sayı ilə həmin siyahıda 3-cü yerdə qərarlaşıb. Beləliklə, cari ilin sentyabr ayı ərzində ƏƏSMN-nin (www.mlspp.gov.az) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) 1 116 873 nəfər istifadəçi ilə ilk yeri tutur.
Bu ilin iyulun 1-dən istifadəyə verilən ƏƏSMN-nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən son 3 ay ərzində isə ümumilikdə 1 milyon 752 min 383 nəfər istifadə edib”, - deyilir məlumatda.
Gülnarə Zeynalova
www.oxu.az