Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında orta illik inflyasiya 5.5% təşkil edib.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynayıb:
“Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olub.
Qiymətləndirmələrə görə, dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir.
Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir edib.
İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərinin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaq”.
Leyla Əliyeva
www.oxu.az