"Azərbaycandan idxal edilən benzinlə bağlı heç bir keyfiyyət problemi qeydə alınmayıb".
Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın bazara nəzarət üzrə müfəttişlik orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idxal olunan partiyalardan alınan yanacaq nümunələri Ermənistan Respublikasının Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi Birliyinin (AAİB) texniki tələblərinə cavab verdiyini göstərib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və artıq bir neçə dəfə məhsul partiyaları bu ölkəyə göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.