Rusiya yanvarın 1-dən bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən idxalını dayandıracağı barədə açıqlama verib. Rusiya yanvarın 11-dək rəsmi olaraq tətildə olacaq, elə bu səbəbdən bu dövr ərzində bu ölkəyə məhsul ixracı mümkün deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Qida, Kənd Təsərrüfatı, Heyvandarlıq naziri Faruk Çəlik Anadolu agentliyinə bildirib.
““Təyyarə böhranı”nın nəticələrini çörəyini alın təri ilə qazanan türk və rus fermeri vasitəsilə ödətməyə çalışmaq doğru deyil. Biz bu yolun doğru olmadığını dəfələrlə söyləmişik. Rusiyaya 1,3 milyard dollarlıq məhsul ixrac edirik. 3 milyard dollarlıq isə idxalımız var. Düşünürəm ki, bu hadisədən həm türk, həm də rus fermeri zərər çəkəcək. Amma ən çox zərər çəkən tərəf isə rus fermeri olacaq”.
O qeyd edib ki, ötən il 1,1 milyard dollar dəyərində buğda idxal edilib. Buğda idxalının yarısı Rusiyadan edilib.
Nazir həmçinin bildirib ki, adiyyatı nazirliklərlə yeni bazarların axtarışı ilə bağlı işlər görülür:
“Söhbət qida ixracı olduğu üçün alternativ bazar tapmaqda çətinlik çəkməyəcəyik. Alternativ bazarlara çıxış imkanlarını İqtisadiyyat Nazirliyi araşdırır. Biz hökumət olaraq, həm ixracatçı, həm də istehsalçımızın yanındayıq və onlarla mütəmadi olaraq dialoqdayıq.
Ümid edirik ki, tərəflər arasında münasibətlər qaydasına düşər. Ağlın yolu birdir, bunun başqa bir yolu yoxdur. Ümid edirik ki, ruslar bu yola gələr”.
Ülviyyə R. Əli
www.oxu.az