COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda təcrid tədbirlərinin bərpa edilməsi ölkənin ÜDM-nə (Ümumi Daxili Məhsul) gələcəkdə təzyiq göstərə bilər.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda belə deyilir.
“Azərbaycan hökuməti 2020-ci il üçün ÜDM proqnozuna yenidən baxıb və “Fitch”in proqnozuna (4,2 faiz) yaxın 5% azalma gözləyir. Bu, koronavirusa qarşı mübarizə tədbirləri və Azərbaycanın OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə sazişdə iştirakını əks etdirir. İyul ayında təkrarlanan təcrid tədbirləri Azərbaycanda koronavirus riskinin davam etdiyini vurğulayır (avqustda məhdudiyyətlərin aradan qaldırılmasına başlandı – red.), bunun bərpa edilməsi isə gələcəkdə ÜDM-yə təzyiq göstərə bilər”, - deyə hazırlanan sənəddə bildirilir.
“Fitch”in hesabatına görə, Azərbaycanın 2020-ci il üçün yenidən baxılan büdcəsi neftin ucuzlaşması və pandemiya nəticəsində dövlət maliyyəsinə yaranan təzyiqləri vurğulayır.
“İcmal büdcənin planlaşdırılan kəsiri ilkin təsdiq olunan variantda ÜDM-in 2,3%-dən 12,4%-dək artırılıb. Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin artırılması mübadilə məzənnəsini 1.7AZN/1USD səviyyəsində dəstəkləməlidir. Yenidən baxılmış büdcədə əsas dəyişiklik 2020-ci il üçün ilkin büdcədəki neftin qiymətini 55 dollardan 35 dollara azaldılmasıdır. Bir çox digər ölkələrdə olduğu kimi koronavirus pandemiyasının iqtisadiyyata təsirinə qarşı mübarizə, büdcə qaydasının müvəqqəti dayandırılmasını tələb edib”, - deyə “Fitch” vurğulayıb.
Məruzədə vurğulanır ki, böyük ehtiyatlar Azərbaycana əhəmiyyətli dərəcədə maliyyələşdirmə çevikliyini təmin edir.
“Fitch”in hesablamalarına görə, konsolidə edilmiş büdcə kəsiri ilk növbədə ARDNF-in aktivlərinin azaldılması və hökumətin vahid xəzinə hesabındakı iri pul depozitləri hesabına maliyyələşdiriləcək.
“Bütövlükdə, ARNDF-in aktivləri 2020-ci ilin ilk altı ayında dəyişilməz olaraq qalıb və bu ilin iyun ayının sonuna 43,2 milyard dollar səviyyəsində olub, eyni zamanda portfelinin dəyərinin dəyişikliklər neftdən gəlirlərin və büdcəyə ayırmaların azalmasını kompensasiya edib. Dollar ifadəsində nominal ÜDM-in azalması zamanı ARDNF-nin aktivləri əvvəlki kimi ÜDM-in 85%-ni keçəcək. Bizim proqnozlara görə, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin cəmi 4 faiz bəndi artaraq 23%-ə çatacaq, bunun da çox hissəsi ÜDM-in azalması ilə əlaqəlidir”, - deyə hesabatda bildirilir.