Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, müraciətdə bildirilir:
“Əmanətlərin Sığortalanması Fondu avqustun 22-dən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək.
Qeyd olunan bankların qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.
“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Ülviyyə R. Əli
www.oxu.az