“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir”.
Bunu “Report”a müsahibəsində İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi, professor Françesko Korvaro deyib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil olunan COP28 kimi asan olmayacaq:
“Lakin Nayrobidə Azərbaycanın COP29 komandası ilə görüş bizə iddialı məqsədlərin uğurla həyata keçirilməsinə ümid etməyə imkan verir”.
“Azərbaycan (Azərbaycan hökuməti) COP29 Təşkilat Komitəsinin nümayəndələrinin qətiyyətinin şahidi olduğum üçün inanıram ki, biz COP28-in nailiyyətlərinə əsaslanan iddialı nəticələrə nail ola bilərik. Hər zaman yadda saxlamaq lazımdır ki, dayanıqlı gələcəyə yalnız hazırkı dövrdə ekoloji, sosial və iqtisadi baxımdan davamlılığın təmin edilməsi yolu ilə nail olmaq olar”, - deyə F.Korvaro vurğulayıb.
O qeyd edib ki, COP28-in nailiyyətlərinə əsaslanan və Braziliyada keçiriləcək COP30-a doğru irəliləyən COP29-da ilk növbədə iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərə diqqət yetiriləcək:
“Bir müddətdir ki, iqlim maliyyələşdirməsinə dair islahatların aparılmasının zəruriliyi haqqında müzakirələr gedir. Bununla maksimum şəffaflıq təmin ediləcək və maliyyə vəsaitləri ehtiyacı olan inkişaf etməkdə olan ölkələr üçün getdikcə daha əlçatan olacaq. Bugünkü sistem həddən artıq bürokratikdir və ətrafımızdakı hipersürətli dünyaya uyğun gəlmir. Belə ki, iqlim böhranı ilə mübarizə aparan ölkələrin (onların “İtki və Zərər Fondu”na çıxışını təmin etmək lazımdır) və ya iqtisadiyyatlarının davamlı inkişafına çalışan və iqlim fondlarına çıxışdan asılı olan dövlətlərin ehtiyaclarına dərhal cavab vermək lazımdır. Bundan başqa, qida təhlükəsizliyi, enerji keçidi, vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı, gənclərin cəlb edilməsi, iqlim savadlılığı və təhsili kimi iqlim dəyişikliyi ilə bağlı kritik məsələlər həll edilməlidir”.
İqlim dəyişikliyi ilə mübarizə tədbirləri ilə yanaşı, italiyalı professor qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının rolu iqlim gündəliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu istiqamətə yönəltməkdir:
“COP-un rolu bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlılığını və diqqətini artırmaq və Dubayda keçirilən COP28 kimi, iqlim dəyişikliyi ilə mübarizə yollarını müəyyən etmək və gələcək illərdə mənfi təsirləri minimuma endirməkdir. Bu, həm də o deməkdir ki, qarşıdakı illərdə qaçılmaz olaraq bizə mənfi təsir göstərəcək əlverişsiz və dağıdıcı hava hadisələrinin təsirlərinə hazırlaşmaq üçün tədbirlər görülməlidir”.
F.Korvaro söyləyib ki, hər bir COP-un əsas vəzifəsi tamamilə fərqli şəraitdə yaşayan xalqlar üçün ümumi həll yoluna nail olmaqdır, amma bu, çox çətin məsələdir:
“Bu baxımdan, Dubayda keçirilən COP28-in nəticələri mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Çünki bu konfransda ilk dəfə olaraq qalıq yanacaqların istifadəsinin mərhələli şəkildə dayandırılması zərurəti vurğulanıb”.
Xüsusi elçinin fikrincə, iqlim dəyişikliyinin ölkələrin iqtisadiyyatına təsiri ildən-ilə artdığına görə bunun qarşısını almaq üçün mümkün qədər tez bir zamanda tədbirlər görmək lazımdır:
“Son zamanlar, hətta inkişaf etmiş ölkələr, o cümlədən İtaliya da iqlim dəyişikliyi ilə bağlı getdikcə artan dağıdıcı hadisələrin vurduğu ziyanla üzləşməli olur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 1970-ci ildən bəri təbii fəlakətlər nəticəsində itkilər yeddi dəfə artıb. Tədqiqatçılar hesab edirlər ki, itkilər qlobal istiləşmə, əhalinin artımı və şəhər miqrasiyası kimi digər amillərlə bağlıdır. Bununla bağlı dəqiq məlumatların əldə edilməsinə təbii fəlakətlərlə bağlı təkmilləşdirilmiş hesabatlar yardım göstərib. Hesablamalara görə, 2000-2019-cu illər arasında iqlim böhranının yaratdığı 185 ekstremal hava hadisəsi dünyaya 2,8 trilyon dollara başa gəlib”.