Gallup beynəlxalq tədqiqat institutu dünyanın 142 ölkəsində işçilərin öz işlərinə marağını öyrənmək məqsədilə sorğu keçirib.
Oxu.Az korrespondent.net-ə istinadən xəbər verir ki, Gallup-un əldə etdiyi nəticələrə görə, dünyada işçilərin yalnız 13%-i öz zəhmətlərini sevir və şirkətin taleyində fəal iştirak edirlər.
2011-2012-ci illərdə 142 ölkə arasında sorğu keçirmiş ekspertlər bu nəticəyə gəliblər ki, işçilərin 63%-nin işdə əlavə səy göstərməyə marağı yoxdur, 24% isə ümumiyyətlə az işləməyə çalışırlar və bu zaman özlərini bədbəxt hiss edirlər.
Bundan başqa, alimlər son illər öz işindən razı insanların sayının ötən illərlə müqayisədə artdığını bildirirlər.
Öz işindən daha çox razı olan adamlar ABŞ və Kanada, Avstraliya, Yeni Zelandiyada yaşayırlar. Siyahıda Latın Amerikası ölkələri də yer alıblar.
Öz işindən ən az razı olan vətəndaşlar Şərqi Asiyada yaşayırlar. Statistikaya görə, Yaxın Şərq və Şimali Afrikada hər üçüncü şəxs məşğul olduğu işə nifrət edir.
Gallup MDB üzrə məlumatları da açıqlayıb. Keçmiş sovet respublikaları arasında öz işini hamıdan çox sevənlər Qazaxıstan vətəndaşlarıdır – 23%.
Ukrayna bu göstəriciyə görə 4-cü (10%) yerdə qərarlaşıb.
Öz işinə ən çox nifrət edənlər isə Belarus və Azərbaycandadır. Bu ölkələrdə işləyənlərin müvafiq olaraq 33% və 32%-i gördükləri işə nifrət edirlər.