Gəncədə “Samsung həftəsi” adlı könüllülər tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, gerçəkləşdirilən “Samsung həftəsi” adlı könüllülər tədbiri Azərbaycanla Cənubi Koreya arasında yeni dostluq körpüsünün təməlini qoyub.
Könüllülər hərəkatı Azərbaycan üçün yeni, eyni zamanda sürətlə inkişaf edən sahədir və bu yaxınlarda Bakıda keçirilən ilk Avropa Oyunları zamanı buna bir daha əmin olduq. Oyunların uğurla həyata keçirilməsində on minlərlə könüllünün iştirakı vacib amil idi və bu təşəbbüs möhtəşəm idman bayramının həm təşkilatçıları, həm də çoxsaylı qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Bununla belə, könüllülər hərəkatının fərqli formaları mövcuddur.
Onlardan biri olan Gəncədə keçirilmiş “Samsung həftəsi” çox güman ki tezliklə Azərbaycanda da öz davamçılarını tapacaq.
Söhbət irimiqyaslı korporasiyalar arasında günbəgün məşhurlaşan korporativ könüllülər hərəkatından gedir. Bu hərəkat sosial məsuliyyət konsepsiyasının təbii davamı olmaqla yanaşı, dünya sənaye nəhənglərini öz üzərlərinə təkcə işçilərinin və onların ailələrinin deyil, eyni zamanda, yerli icmaların və ümumilikdə cəmiyyətin yaşam keyfiyyətinin yaxşılaşdırılması məsuliyyətini götürməyə sövq edir.
Həmin şirkətlərin əməkdaşları birbaşa olaraq bu işə cəlb olunur. Başqa sözlə, könüllülər qismində həmin şirkətin işçiləri çıxış edir və onlar məzuniyyət günlərinin bir hissəsini hər hansı bir layihənin gerçəkləşdirilməsinə həsr edirlər.
Samsung şirkəti 300-dən artıq işçisini xarici ölkələrdə könüllülər hərəkatına cəlb edərək Zambiya, Hindistan, Vyetnam, Braziliya, Efiopiya və digər ölkələrdə müxtəlif layihələr həyata keçirib. Bu layihələr arasında məktəb, xəstəxana və kitabxanaların təmiri, kompyuter otaqlarının təşkili, şagird və müəllimlər üçün IT təlimlərinin keçirilməsi xüsusi yer tutur.
Könüllü qruplarına daxil olmaq isə heç də asan iş deyil. Namizədlərdən sosial fəallıq, ingilis dilini yüksək səviyyədə bilmək və bu sahədə təcrübəli olmaq tələb olunur.
Gəncəyə Koreyadan gəlmiş 30 könüllü işçi 200-dən çox namizəd arasından seçilib və onların hər biri böyük həvəslə iki həftəlik məzuniyyətinin tən yarısını Azərbaycanda həyata keçirdikləri ödənişsiz əməyə həsr ediblər.
Samsung şirkətinin Bakı nümayəndəliyinin baş meneceri Hyundonq Kimin sözlərinə görə, Samsung həm Koreyada, həm də bu ölkənin hüdudlarından kənarda öz nüfuzunu qoruyub saxlamaqla yanaşı, fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə verməkdən də çəkinmir.
Təbii ki, şirkət belə irimiqyaslı işi təkbaşına həyata keçirmir. Layihəyə bir sıra tərəfdaş təşkilatlar cəlb olunur ki, Gəncə şəhərində Samsung-un tərəfdaşı 7 il əvvəl Avropa birinciliyini qazanmış “Gələcəyə körpü” adlı gənclər təşkilatı olub.
Məhz bu təşkilatın nümayəndələri Samsung-un əməkdaşlarına Gəncə şəhər 2 saylı xarici dillər təmayüllü (ingilis, rus, ərəb, alman) liseyin seçilməsini tövsiyə ediblər.
İlkin plana görə, könüllülər yalnız bir kompyuter otağının təmir və təchizatı ilə məşğul olmalı idilər. Amma sonradan məktəbin ikinci mərtəbəsinin tamamilə yenilənməsinə qərar verilib. Və könüllülərin işə başladıqları həftənin sonunda artıq məktəbin dəhlizini və kompyuter otağını tanımaq mümkün deyildi.
Sol-a-Xanın rəhbərliyi altında həyata keçirilən abadlıq işlərdən sonra məktəbin dəhlizi tanınmaz dərəcədə yenilənmiş, kompyuter otağı isə əsl IT mərkəzinə çevrilmişdi.
Təlimlərə 2 saylı liseyin 90 şagirdi (hər qrupda 45 nəfər olmaqla iki qrup) ilə yanaşı, digər məktəblərin şagirdləri də qatılıb.
Liseyin direktoru Pənah Səmədovun sözlərinə görə, Samsung əməkdaşlarının məktəblilər üçün gördükləri işin dəyəri çox yüksəkdir. Çünki məktəbdə nəinki abadlıq işləri aparılıb, eyni zamanda peşəkarların həyata keçirdikləri təlimlər sayəsində şagirdlərə müasir texnologiyalarla bağlı dərin biliklər aşılanıb.
Ən əsası isə məktəblilər könüllü və təmmənnasız şəkildə görülən işin insana bu dərəcədə sevinc və ilham verə biləcəyini öz gözləri ilə görmək şansı əldə ediblər. Yəqin ki, koreyalı dostlarının göstərdiyi bu insanlıq nümunəsi, onların ürəkdən ürəyə yol sala bilmək təcrübəsi məktəblilərin yaddaşından heç vaxt silinməyəcək.
E.Ə.
www.oxu.az