Dövlət Gömrük Komitəsi (DGK) bu gün qurum rəhbərliyinin keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin suallardan birinə verdiyi cavabla bağlı açıqlama yayıb.
Bu barədə komitədən Oxu.Az-a bildirilib.
“DGK rəhbərliyinin mətbuat konfransında Səfər Mehdiyev suallardan birini cavablandırarkən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılması ilə bağlı yalnız mətbuatda yayılan informasiyalardan söhbət açıb: “Bu fikir bir sıra kütləvi informasiya vasitələrində yanlış anlaşılıb”.
Qeyd edək ki, bəzi KİV bu gün S. Mehdiyevin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayıracağını təsdiqlədiyini yazıb. Komitə isə bildirib ki, S. Mehdiyev bu barədə informasiyanın mətbuatda yayıldığını qeyd edib”, - deyə komitənin açıqlamasında qeyd edilib.
12:45
Dünən Azərbaycan hökuməti ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının missiyaları ilə keçirilən görüşdə əlavə 4 mlrd. ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, bununla yanaşı hazırda Komitənin cari il üçün büdcə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı hökumətlə danışıqlar aparılır:
“Bu il üçün idxalın həcmi 9 mlrd. dollar həcmində proqnozlaşdırılır”.
Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını vurğulayıb.