Nazirlər Kabinetinin 21 yanvar tarixli №15 və №16 qərarlarına müvafiq olaraq benzinin aksizlərinin ləğv edilməsi və idxalına qoyulan gömrük rüsumlarını sıfırlaması işə yaramadı: yanacağın ölkəyə idxalının artması gözə çarpmadı.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, yanvar ayında Azərbaycana mineral yanacağın, neftin və neft məhsullarının idxalı 2013-cü il yanvar ayının göstəricilərinə görə 9,36% enib.
“Əgər yanvarda bu nomenklaturanın mallarının idxalı 6330,31 min dollar idisə, bir il bundan qabaq bu göstərici 6984,16 min olub” - deyə məlumatda xəbər verilir.
Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarları 2014-cü ilin 21 yanvar tarixindən 1 iyun tarixinə qədər qüvvədədir və 2710124100 (95 oktandan az olmayan benzin) və 2110125100 (98 oktandan aşağı olmayan benzin) kodlu neft məmulatları üçün keçərlidir.
Qərar №15-ə görə bu növ benzinlərin idxalı zamanı aksiz 250 dollardan hər ton üçün 1 dollar enib. Qərar №16-ya görə bu məmulatların idxalı zamanı gömrük rüsumu 15%-dən 0% -ə endirilib.
Bu qərarların qəbul edilməsi Dövlət Neft Şirkətinin (SOCAR) NEZ təmir işlərinin getməsi ilə əlaqədardır.
Bu qərarlar qəbul edildikdən sonra SOCAR Aİ-95 benzininin daxili emalını dayandıraraq tam idxalını təklif edib. Şirkət ölkədə bu bazarın liberallaşmasının 2025-ci ilə qədər çəkəcəyini düşünür.