SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir.
Oxu.Az SOCAR- a istinadən xəbər verir ki, sahildə hazırlanmış M1 və M1A modulları General Şıxlinski kran gəmisinə yüklənərək özülə nəql edilmiş və layihə yerində quraşdırılıb.
“Hazırda bərkitmə (qaynaq) işləri yerinə yetirilir. Bundan əlavə, M2A modulunda hər iki yarusda 600 kvadratmetrlik döşəmə təmir edilmiş, M3A modulunda isə bərpa işləri başa çatdırılıb.
M2 və M3 modullarında təmir işləri başa çatmaq üzrədir. 2 ədəd gəmi yanalma meydançası, eləcə də 4 ədəd enib-qalxma pilləkəni sahildə hazırlanıb və quraşdırılıb.
Digər mövcud enib-qalxma pilləkənlərində isə təmir işləri davam etdirilir”, - deyə şirkətdən qeyd edilib.
SOCAR-dan verilən məlumata görə, 2016-cı ilin mart ayında başlanılmış tikinti-quraşdırma işlərinin cari ilin avqust ayında tamamlanması nəzərdə tutulur.
Ülviyyə R. Əli
www.oxu.az