Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün müavinlərinə Azərbaycanın SOCAR şirkəti ilə ölkədə təbii qaza olan qiymətin artırılmasının qarşısını almaq üçün danışıqlara başlamağı tapşırıb. Bu barədə Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir.
“KazTransQaz-Tbilisi” şirkəti bildirib ki, Tbilisidə martın 1-dən etibarən hüquqi şəxslər üçün təbii qazın bir kubmetrinin qiyməti bahalaşaraq 0.9 lari (təxminən 0.45 dollar/0.35 qəp) təşkil edəcək. Məlumata əsasən, tariflərin artırılması dollara münasibətdə larinin məzənnəsinin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Fiziki şəxslər üçün təbii qazın qiymətinin arıtılması nəzərdə tutulmur.
“Hesab edirəm ki, biz qazn qiymətinin artmasının qarşısını almalıyıq. Hər halda heç olmasa, hazırkı mərhələdə. Biz, SOCAR şirkətinin nümayəndələri ilə əlaqə saxlamışıq. Onlar bu mövzu ilə bağlı danışıqlara tam hazırdırlar. Buna görə də mən hər iki müavinimi bu məsələyə mənim adımdan cəlb oluncaq İqtisadi şura ilə birgə məsələni qısa vaxt ərzində həll etməyə çağırıram”, - Qaribaşvili hökumətin iclasında deyib.
Hazırda Tbilisidə təbii qazın qiyməti bir kub metrə görə 0.4562 lari (təxminən 0.23 dollar/0.18 qəpik), regionalrda isə 0.4 laridən (təxminən 0.2 dollar/0.15 qəpik) 0.5 lariyə (təxminən 0.25 dollar/0.19 qəpik) qədərdir. Gürcüstanın Energetika Nazirliyi bildirib ki, təbii qazın qiymətinin artımının çörək zavodlarına aid olmaması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın 80%-ni təbii qazla təmin edir.