Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi ilə görüşdə qaz çatışmazlığı məsələsi müzakirə ediləcək.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin üzvü Giya Volski bildirib.
Onun sözlərinə görə, son günlərdə çox sayda yanlış məlumat yayılıb.
“İş ondadır ki, Gürcüstan SOCAR vasitəsilə öz strateji tərəfdaşı Azərbaycandan müəyyən həcmdə təbii qaz alır, bu isə tələbatın əsas hissəsini ödəyir. 2003-cü ildən çatışmazlığın müəyyən hissəsi “Qazprom”un hesabına ödənilir.
“Qazprom”un Ermənistana qaz tədarük edilməsindən ibarət maraqları mövcuddur və müvafiq olaraq bu nəql Gürcüstan ərazisindən keçməkdən asılıdır. Beləliklə, qarşılıqlı asılılıq mövcuddur”, - Volski bəyan edib.
Onun sözlərinə görə, bundan başqa mövcud çatışmazlığı aradan qaldırmaq vacibdir. Söhbət “Qazprom”un təmin etdiyi 40 milyon kubmetrdən 130-150 milyon kubmetrə qədər həcmlərdən gedir.
Volski qeyd edib ki, bu gün SOCAR nümayəndəsi ilə məhz təbii qaz çatışmazlığı məsələsi həll ediləcək.
“SOCAR-ın nümayəndəsi gələcək. Söhbət detallardan, əsasən qiymətdən gedəcək və sonra müvafiq olaraq hardan və hansı mənbənin hesabına çatışmazlığın aradan qaldırılacağı barədə qərar qəbul ediləcək”, - Volski bəyan edib.