Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daha bir yeni standart qəbul edilib. Komitə tərəfindən “AZF 575 Halal Məhsulların Sertifikatlaşdırma Qaydaları” dövlət standartı təsdiq edilib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
“Standart 17 fevral 2014-cü il tarixdən qüvvəyə minib. Bu standart həm yeyinti məhsulları haqqında Qanuna, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin sertifikatlaşdırma ilə və bu sahənin tənzimlənməsilə bağlı verilmiş qərarlarına, həmçinin komitə tərəfindən 2012-ci ildə qəbul edilmiş “Halal ət” məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər standartını əhatə edir”.
Komitə sözçüsü bildirib ki, bu sənəd “Halal” termininin istifadəsi üzrə ümumi qaydaları və “Halal qida” standartlarına əsasən hazırlanıb. AZF 575 standartında halal məhsulların sertifikatlaşdırılması, məhsullara uyğunluq sertifikatı verilməsi qaydaları öz əksini tapıb.
“Standarta əsasən halal məhsulların sertifikatlaşdırılması üçün sifarişçi bu sahə üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Həmçinin burada normativ sənədlər, xarici uyğunluq sertifikatlarının tanınması, şikayətlərə baxılması, uyğunluq sertifikatının ləğv edilməsi haqqında informasiyalar yer alır”.
Komitə nümayəndəsi bildirib ki, qaydalar təsdiqləndikdən sonra indi daha rahat, daha çevik, standarta uyğun şəkildə sertifikatlaşdırma mərhələlərindən istifadə etmək mümkündür.
“Yetər ki, sahibkarların marağı olsun və müraciət etsinlər. Standartın tələblərinə əsasən halal ət məhsulu istehsal etdiyini iddia edən sahibkarlar onu rəsmiləşdirsin. Komitənin müvafiq qurumlarına müraciət etsinlər. Əgər standartın tələblərinə uyğunluq varsa, sertifikatlaşdırma mütləq həyata keçiriləcək”.
Qeyd edək ki, komitə bir müddət əvvəl də “Halal” standartını qəbul edib. Komitədən bildirdilər ki, hələki, heç bir şirkətə “Halal” standartı verilməyib.