“Hesablama Palatası haqqında” qanun layihəsi sabah ikinci oxunuşda Milli Məclisin (MM) son-növbədənkənar plenar iclasının müzakirəsinə çıxarılacaq.
Oxu.Az-ın xəbərinə görə isə qanun layihəsi ətrafında gərginliklər, fikir ayrılıqları hələ də davam edir.
Xüsusilə də, qanun layihəsində yer alan bəzi maddələrlə bağlı millət vəkilləri və Maliyyə Nazirliyi ilə Hesablama Palatası arasında çox ciddi fikir ayrılıqları var.
Qeyd edək ki, bu fikir ayrılıqları ötən həftə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında adıçəkilən sənədin ikinci oxunuşda müzakirəsində də üzə çıxıb.
Millət vəkillərindən Vahid Əhmədov, Əli Məsimli, eləcə də, digər bəzi millət vəkilləri, o cümlədən, maliyyə naziri Samir Şərifov belə bir sənədin hazırlamasının və Hesablama Palatasının səlahiyyətlərinin artırılmasının təqdirəlayiq olduğunu qeyd etməklə yanaşı, adıçəkilən qurumun regional bölmələrinin yaradılmasına, bank hesablarının bağlanması məsələsinə və digər məsələlərə ciddi etirazlarını bildirib plenar iclasa kimi onların aradan qaldırılmasının vacibliyini dilə gətiriblər.
Onlar ciddi təkmilləşdirmələr aparılmayacağı təqdirdə, onun plenar iclasın müzakirələrinə çıxarılmasının əhəmiyyətsiz olduğunu da sözlərinə əlavə ediblər.
Adının çəkilməsini istəməyən məlumatlı mənbənin də saytımıza bildirdiyinə görə, Hesablama Palatası sanki özünü hər şeydən üst qurum kimi görmək istəyir.
“Bildiyiniz kimi, Pesablama Palatası 2001-ci ildə Milli Məclisin orqanı, ona tabe olan qurum kimi yaradılıb. Onun da əsas vəzifəsi büdcənin icrasına nəzarəti təmin etməkdir.
Ancaq Hesablama Palatası bununla kifayətlənmək istəmir, büdcədənkənar sahələrə də nəzarət funksiyasını istəyir.
Az qala tabe olduğu Milli Məclisdən, o cümlədən, Maliyyə Nazirliyindən daha üst qurum, daha böyük səlahiyyətlərə malik olmaq iddiasındadır.
Hansı ki, onun funksiyası bir daha qeyd edirəm ki, büdcənin icrasına nəzarət etməkdir. Sənin işin bundan ibarətdirsə, niyə kənar sahələrə də müdaxilə etmək istəyirsən? Və yaxud da, regional bölmələr yaratmaqda məqsədin nədir?
Axı, dünyanın heç bir yerində belə bir məsələ yoxdur?! Odur ki, qanun layihəsi ilə bağlı Hesablama Palatasıyla millət vəkilləri və Maliyyə Nazirliyi arasında yaranan gərginliyin, narazılığın kökündə bunlar dayanır.
Bir daha vurğulmaq istəyirəm ki, Hesablama Palatası öz funksiyası ilə, Milli Məclisin orqanı kimi büdcənin icrasına nəzarətlə məşğul olmalıdır, başqa işlərlə yox.
Çox güman ki, üçüncü oxunuşacan da bu ziddiyyətli məqamlar aradan qaldırıla bilər”-deyə, mənbə sözlərinə əlavə edib.
K. HƏMİDLİ
www.oxu.az