Ötən il Azərbaycan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
“Kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb.
Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir”, - deyə nazir çıxışında əlavə edib.
Heydər Əsədov həmçinin qonşu dövlətlərin münasibətlərinin Azərbaycan bazarına təsirindən də danışıb:
“İqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir.
Apardığınız uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir.
Eləcə də, bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər. Sizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə münasibətdə tutduğunuz olduqca müdrik mövqe bizə bu tədbirləri asanlıqla icra etməyə imkan verir”.
Ülviyyə R. Əli
www.oxu.az