Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin I yarısında görülən işlər barəsində hesabat yayıb.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, hesabat dövründə Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Xidmətin məlumatına görə, bir ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılıb, məktəblərin nəzdində yaradılan 113 dərnək və qrup normadan artıq saxlanılmış 39,5 ştat vahidi ləğv edilib.
78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb. 176 nəfər əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış pedaqoji işçilərin dərəcələri əvvəlki vəziyyətinə qaytarılıb.
Bundan başqa, evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb.
Xidmət bildirib ki, Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
428 nəfər vəzifəli şəxsdən alınmış 263,8 min manat məbləğində cərimə dövlət büdcəsinə ödənilib. Büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.
Qeyd edək ki, qurum cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar edib, onların araşdırılması işini Baş Prokurorluğa həvalə edib.
Ülviyyə R. Əli
www.oxu.az