İlin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, agentliyin və mərkəzlərin təşkilati strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı, bu xidmətlərin göstərilməsi qaydası da hazırlanır.
Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.
Nazir deyib ki, müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmaqdadır.