Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İqrar Nəzərov: "Ümumilikdə 398 məktəbdə STEAM layihəsinin tətbiqi həyata keçirilib"
"İşğaldan azad olunan regionlarda tikilən məktəblərdə STEAM kabinetlərinin, mərkəzlərinin yaradılması həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bu sözləri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, ümumilikdə 398 məktəbdə STEAM layihəsinin tətbiqi həyata keçirilib:
"Ölkənin müxtəlif regionlarında 23 STEAM mərkəzi var. Yaşıl dünya iqlim həmrəyliyi çərçivəsində həmin mərkəzlərdə tədris prosesinə qoşulan şagirdlərdən başqa 2500 şagird tədrisə cəlb olunub. Eyni zamanda STEAM üzərində Yaşıl Bacarıqlar layihəsinə də 240-dan çox şagird cəlb olunub".
Layihə rəhbəri bugünkü festivalda Şuşa şəhərindən 1 nömrəli orta məktəbin, Laçın rayonu 2 saylı məktəbin və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdlərinin iştirak etdiyini vurğulayıb.
İ.Nəzərovun sözlərinə görə, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb:
"İştirakçı ölkələrin coğrafiyası genişdir. Onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edib. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da "Yaşıl təşəbbüslər", "Yaşıl kodlaşdırma", "Hidrogen maşınların yarışı", "Dron texnologiyaları", "Bizim peykimiz", "Robotların mübarizəsi", "Gələcəyin mühəndisləri" və s. kimi mövzuları əhatə edəcək".
Qeyd edək ki, festival 24-25 oktyabr tarixlərində keçiriləcək.
İki gün davam edəcək festivalda iştirakçılar, həmçinin "COP29 Azərbaycan" Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə də iştirak edəcəklər.
Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı,
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.
Aygün Mirakif
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Günlərdir sakinlərin təlaşına səbəb olan sirli dronlar barədə Pentaqondan qeyri-adi cavab
- Ukrayna PUA-sı Qroznıda "OMON"un bazasına hücum edib
- ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda
- DSX "Vətəndaş A"nın dronunu vurub?