"Belə bir qeyri-müəyyən və riskli qlobal fonda Azərbaycan iqtisadiyyatı, həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ümumi daxili məhsulun (ÜDM) 3.3% artması gözlənilir:
"ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6.1% olacağı gözlənilir ki, bu da Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir".
"Son illərdə ölkənin ixrac imkanları da genişlənməkdədir. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz ixracının 2.3 dəfə artması gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı - strateji valyuta ehtiyatları isə 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1.8 dəfədən çox artaraq 81.5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da cari il üzrə gözlənilən ÜDM-in səviyyəsindən çoxdur".
Mərahim Nəsib