Bu gündən Antalyanın Prado Tour Səyahət agentliyi ilə İranın Hope Tour şirkətinin əməkdaşlığı çərçivəsində ilk dəfə olaraq Tehran-Bodrum, Bodrum-Tehran aviareysləri işə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin CNN Türk nəşri məlumat yayıb.
CNN Türk-ün məlumatına görə, 152 nəfər iranlı turisti Milas Bodrum Hava Limanında Prado Tour Səyahət agentliyinin baş direktoru Ufuk Şimşək qarşılayıb.
Prado Tour Səyahət agentliyinin baş direktoru Ufuk Şimşək bildirib ki, Bodruma bu il içərisində 10 minə yaxın iranlı turist gələcək:
“10 il idi ki, Tehrandan Bodruma uçuşlar yox idi. Bu gün bir ilk reallaşdırdıq. Hazırda bu istiqamətdə olan uçuşlar həftədə bir dəfə təşkil edilir, amma növbəti aydan etibarən uçuşların sayını həftədə 3 dəfə edəcəyik. Bununla planlaşdırırıq ki, İrandan gələn turistlərin sayını bu il içərisində 10 minə qədər artıra bilək”.
U.Şimşək onu da əlavə edib ki, İran vətəndaşlarının Türkiyəyə böyük marağı var:
“İran vətəndaşlarının Türkiyəyə böyük marağı var. Bununla belə İran ABŞ-ın tətbiq etdiyi embarqo ilə əlaqədar çətinliklər yaşayır”.
Onu da əlavə edək ki, iranlı turistlər sərbəst və müasir, eləcə də dəbdəbəli geyimləri ilə Bodrum küçələrində diqqəti cəlb ediblər.
Qeyd edək ki, iranlı turistlər Bodrumun beş ulduzlu otellərində istirahət edəcək.
Ülviyyə R. Əli
www.oxu.az