İsmayıllıda velosiped zavodunun tikintisinə baxış keçirilib.
Oxu.Az xəbər verir ki, rayon ictimaiyyəti, Azərbaycan və Avropa velosiped federasiyaları, Bolqarıstan Velosiped Zavodunun nümayəndələri tikinti prosesi ilə maraqlanıblar. Respublikada ilk velosiped istehsal edəcək zavod barədə qonaqlara məlumat verilib.
Zavodun müasir avadanlıqlarla təmin ediləcəyi, burada standartlara cavab verən məhsul istehsal olunacağı diqqətə çatdırılıb. Bildirilib ki, zavod istifadəyə verildikdən sonra il ərzində 30 min ədəd idman, uşaq və şəhər tipli velosiped istehsal etmək gücünə malik olacaq.
5 hektar ərazidə inşa olunan zavodda 95 nəfər işlə təmin olunacaq. Bu yaxınlarda bir qrup gənc təcrübə keçmək məqsədi ilə Bolqarıstan Velosiped Zavoduna ezam olunacaq.
Bu ilin sonuna kimi zavodun tikintisinin başa çatdırılması və istesala başlanılması nəzərdə tutulub.