Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail nümayəndələri COP29-da: "Azərbaycanın liderliyi çox vacibdir"
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu Tərəfləri Konfransında (COP29) müxtəlif ölkələrdən olan nümayəndələr mövcud problemləri və gələcək üçün planları müzakirə etmək üçün bir araya gəliblər.
Tədbir çərçivəsində İsrailin Energetika və İnfrastruktur Nazirliyinin nümayəndələri Oxu.Az-la təəssüratlarını bölüşüblər.
"İsrail COP29-da olmaqdan çox məmnundur və biz görürük ki, burada hər kəs gələcək haqqında düşünür, artıq COP30 üçün planlar qururlar. Bu, səylərimizi cəmləmək üçün bir məqamdır ki, hamımız qlobal yekunların çıxarılmasına hazırlaşa bilək", - deyə nazirliyin Xarici siyasət şöbəsinin rəhbəri Batsion Bendavid Qerstman bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi təsirin azaldılmasının təkmilləşdirilməsi, fəaliyyət və kollektiv kəmiyyət hədəfinin gücləndirilməsi üzrə bəzi çətin məsələləri müzakirəyə çıxarmaq qərarına gəlib.
"Əgər biz bu məsələlər barədə burada - COP29-da danışmasaq, heç vaxt onları həll edə bilməyəcəyik", - deyə Qerstman qeyd edib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın liderliyi çox vacibdir, çünki o, qazıntı yanacağından istifadə edən ölkələrin necə irəliləməsinə dair ən yaxşı nümunədir.
"Biz bilirik ki, Azərbaycan artıq Avropaya qoşulub və elektrik enerjisi tədarük edir. Bu, İsrailin də marağında olduğu və öyrənmək istədiyi bir şeydir. Biz inanırıq ki, qarşılıqlı əlaqə iqlim dəyişikliyi ilə mübarizədə və xalis sıfıra nail olunmasında açar olacaq", - deyə şöbə müdiri əlavə edib.
Öz növbəsində, nazirliyin bərpaolunan enerji şöbəsinin rəhbəri Kineret Daxan Qranit bildirib ki, İsrail bir neçə cəbhədə bərpaolunan enerjinin təşviqinə çox sadiqdir.
"Biz COP29 çərçivəsində digər ölkələrlə tərəfdaşlıq etməyə, öyrənməyə və əməkdaşlığı inkişaf etdirməyə ümid edirik", - deyə o qeyd edib.
Qranit vurğulayıb ki, İsrail kiçik dövlətdir və buna görə də hər gün iqlim dəyişikliyi ilə üzləşir. "Bizim günəş enerjisi üçün böyük potensialımız var. Digər tərəfdən, bizim elə də çox yerimiz yoxdur. Buna görə də bu vəzifənin öhdəsindən gəlmək üçün daha çox inkişaf etmiş olmalıyıq", - deyə şöbə müdiri nəzərə çatdırıb.
Onun sözlərinə görə, İsraildə günəş enerjisi sürətlə artır və ölkə generasiya mənbələrinin diversifikasiyası üzərində işləyir ki, ölkə və onun əhalisi üçün daha böyük enerji təhlükəsizliyinin təmin edilməsi mümkün olsun.
"Aqrovoltaik günəş enerjisi qurğuları hazırda inkişaf etdirilir, onlar olduqca unikal və innovativdir. Biz günəş enerjisindən mümkün qədər səmərəli istifadə etmək üçün tarlaları və kənd təsərrüfatı torpaqlarını necə əhatə etməyi araşdırmağa çalışırıq", - deyə Kineret Qranit fikrini yekunlaşdırıb.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT