Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bəyan edib ki, əgər Bakı-Supsa boru kəmərinin işində problemlər yaransa, hökumət alternativ layihəni işə salacaq.
Oxu.Az bu barədə “Qruziya Onlayn”a istinadla xəbər verir.
“Burada söhbət yeni 1500-1600 metrlik sahənin tikintisindən gedir”, - Kaladze Gürcüstanın ictimai kanalına deyib.
“Mənim bu mövzu ilə bağlı çoxdan baş nazirlə söhbətim olub. O zaman dəmir məftillərdən olan hasarın uzanması təhlükəsi var idi və boru kəmərinin işində problemlər yarana bilərdi. Həyata keçirilməsi çətin olmayacaq alternativ layihə var.
Əgər biz konkret bu boru kəmərinin işində problem görsək, dərhal yeni boru kəməri çəkə biləcəyik. Layihə artıq var və əgər problemlər olsa, biz onu həyata keçirəcəyik”, - Kaladze deyib.
Xatırladaq ki, Gürcüstan iddia edir ki, Rusiya hərbi qüvvələri Tsxinvali regionunda işğal xəttini Gürcüstan ərazisinə doğru 100 metr qabağa çəkiblər və nəticədə BP şirkətinin idarə etdiyi Bakı-Supsa neft kəmərinin bir hissəsi işğal altında olan ərazilərdə qalıb.