AR-nın Kənd Təsərrüfatı Nazirliyi bazar və yarmarkaların şəhərin mərkəzindən köçürülməsinə dair tədbirlər planı hazırlayıb.
Oxu.Az-ın abc.az saytına istinadən verdiyi məlumata əsasən, bu barədə AR-nın Kənd Təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.
Onun sözlərinə görə, hal-hazırda tədbirlər planı razılaşdırılır.
“Razılaşdırma prosesi ilə yanaşı, bu prosesdə iştirak edə biləcək özəl şirkətlərlə daşınıqlar aparılır” - deyə, nazir qeyd edib.
AR-nın Prezidenti İlham Əliyev yanvar ayında “Kənd təsərrüfatı və ərzaq bazarlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının topdansatış və pərakəndə bazarlara çıxışının genişləndirilməsi üçün AR-nın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı yarmarkalarının yaradılması, yarmarkalarda normal şəraitin təşkil edilməsi, ədalətli ticarət mühitinin formalaşdırılması və sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur.
Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə heyvanların kəsilməsi və ətin satılması məqsədilə veterinar-sanitar və sanitar-epidemioloji tələblərə cavab verən mərkəzlərin yaradılması da Sərəncamda öz əksini tapır.
Bununla yanaşı, 2 ay ərzində Səhiyyə Nazirliyi ilə birlikdə mərkəzlərə olan tələblərin formalaşdırılması və həmin müddət ərzində fermerlər üçün nəzərdə tutulmuş informasiya-konsultasiya xidmətlərinin təşkili, eləcə də xüsusi qaynar xəttin fəaliyyətə başlaması nəzərdə tutulur.
Əlavə olaraq qeyd edək ki, Sərəncamda İqtisadiyyat və Sənaye Nazirliyinin Dövlət Gömrük Komitəsi ilə birlikdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılması üzrə təkliflərin işlənib hazırlanması və müvafiq prosedurların sadələşdirilməsi qeyd edilir.
Bundan əlavə, Sərəncam əsasında Dövlət Gömrük Komitəsinə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə təchizat ilə bağlı vəziyyətlərin təhlili və kənd təsərrüfatı məhsullarının emalı prosesinin işlənib hazırlanması, ticarət-təchizat bazarlarının, ticarət şirkətlərinin (treyderlərin), qablaşdırma mərkəzlərinin yaradılması, eləcə də kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması üçün xüsusi nəqliyyat vasitələri parkının yaradılması üzrə dövlət dəstəyini əhatə edən təkliflərin təqdim edilməsi, Bakı və digər iri şəhərlərdə daima fəaliyyət göstərən fermer mağazalarının və “yaşıl bazar”ların yaradılması ilə bağlı təkliflərlə çıxış etmək tapşırılıb.