Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələri uğurla başa çatıb.
Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, bugünkü tədbir Avropa İttifaqı ilə birgə həyata keçirilən 2 texniki dəstək layihəsinin başa çatması ilə əlaqədar təşkil olunub:
“Layihənin icrasında cəlb olunmuş və tədbirlərin həyata keçirilməsində əməyi keçmiş bütün şəxslərə təşəkkürümü bildirirəm. Avropa İttifaqı ilə Azərbaycan arasında sıx və məhsuldarlıq tərəfdaşlıq əlaqələri mövcuddur. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib.
Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. Hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır və 2020-ci ildə bu göstərici təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Digər tərəfdən Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər. Bu xüsusilə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi baxandan da əhəmiyyətlidir.
Qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan Hökuməti tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və konkret tədbirlər həyata keçirilib.
Pandemiyanın yaratdığı neqativ təsirlərə baxmayaraq, artıq 2021-ci ildə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb”.
Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev