"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi Orta Dəhlizin tranzit imkanlarını artıracaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze bildirib.
O, layihənin region üçün strateji əhəmiyyətini vurğulayıb:
"Layihə Azərbaycan və Gürcüstanın uğurlu əməkdaşlığı nəticəsində həyata keçirilib və Orta Dəhlizdə yeni nəqliyyat marşrutunun formalaşmasına imkan yaradıb. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün mühüm strateji layihədir və Türkiyə istiqamətində də əlavə imkanlar yaradır".
Laşa Abaşidze əlavə edib ki, layihə müasir və yüksək texnologiyalı infrastruktur əsasında qurulub və regional tranzit potensialının artırılmasına xidmət edir:
"Bu layihə yalnız bizim ölkələr üçün deyil, Orta Dəhlizdə yerləşən bütün ölkələr üçün əhəmiyyətlidir. O, Orta Dəhlizi gücləndirəcək və ölkələrimizin tranzit funksiyasını daha da artıracaq".