“Azərbaycan dəmir yolları” QSC və İsveçrə Stadler Rail Group Gəncədə Bakı-Tbilisi-Qars üçün lokomotiv istehsalı zavodu tikəcəklər.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı QSC mətbuat xidmətinin başçısı Nadir Əzməmmədov verib.
Onun sözlərinə görə, zavod Gəncədə vaqon deposunun bazasında tikiləcək:
“Biz artıq razılaşmanın ilkin mərhələsini keçmişik və hal-hazırda layihələşdirmə mərhələsindəyik, istehsalı nəzərdə tutulan lokomotivlərin dizayn və detalları dəqiqləşdirilir. Layihələşdirmədən sonra tərəflər iqtisadi-texniki əsasları (İTƏ) hazırlayacaqlar, bu əsaslar dövlətə maliyyə əməliyyatlarını müəyyənləşdirilməsi üçün təqdim ediləcək” – deyə N.Əzməmmədov bildirib.
Onun sözlərinə görə, tikintinin başlanma tarixi İTƏ hazır olduqdan sonra müəyyən ediləcək.
“QSC həmçinin Stadler Rail Group şirkəti ilə Bakı-Tbilisi-Qars üçün 30 sərnişin vaqonunun alınması barədə danışıqlar aparır” – N.Əzməmmədov bildirib.
Dəmir yolunun tikintisini 2014-cü ilin sonuna bitirmək planlaşdırılıb. Lokomotiv zavodunun tikintisinin başlanma tarixi, nə də birinci lokomotivin istehsalı tarixi hələ müəyyən edilməyib.
Almaniya inkişaf bankı (KFW), Avropa investisiya bankı (EİB) və digər təşkilatların maliyyə dəstəyi ilə bu dəmir yolu üçün lokomotivlərin alınacağı planlaşdırılırdı.