Şəhərin müxtəlif nöqtələrində tez-tez gözümüzə üzərində lombard yazılan ofislər dəysə də onların fəaliyyəti haqda məlumatlar elə də çox deyil.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, yəqin elə bu səbəbdən kütləvi-informasiya vasitələrində lombard sahibinin qaçması, girov qoyulan qızılların lombarddan qaytarılmaması ilə bağlı xəbərlərə intensiv rast gəlirik. Buna baxmayaraq Azərbaycanda fəaliyyət göstərən lombardların sayı son üç ildə iki dəfə artıb. 2010-cu ildə paytaxtda sayı 600 olan lombard ofisləri, 2013-cü ildə 1200-ə çatıb. Ekspertlərin fikrincə, buna səbəb qanunvericilikdə lombardlarla bağlı edilən dəyişikliklərdir.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, lombardları qanunla maliyyə kredit təşkilatından vöenlə işləyən sahibkara çevrilməsi onların məsuliyyətini azaltdı:
“İndi onlar nə Milli Bank, nə də Maliyyə Nazirliyi qarşısında hesabat verir. Yalnız ildə bir dəfə Vergilər Nazirliyində hesabat olur. Buna görə də lombard sahibləri asanlıqla qaça bilirlər”.
Lombardda əsasən qiymətli daş-qaşlar və qızıl əşyalarının girov qoyulması müqabilində vətəndaşa verilən pulun miqdarı girovun adətən 60, maksimum 70 faiz dəyərində olur. Araşdırmamızla bağlı lombard ofislərindən məlumat almaq cəhdimiz isə boşa çıxır.
İqtisadi və hüquqi baxımdan lombardda qazanılan pullarla bağlı qaranlıq məqamlar olsa da dini nöqteyi-nəzərdən hər şey gün kimi aydındır.
İlahiyyatçı Fuad Pənahlı qeyd edir ki, istəyirsən adını lombard qoy, istəyirsən kredit qoy fərqi yoxdur:
“Əgər aldığın puldan artıq miqdar ödəyirsənsə, bu faiz hesab olunur. Alınan pulun müqabilində verilən qızıl isə pulun əvəzi deyil, girovdur və buna görə lombard elə faiz sayılır. Faizi isə almaq da, vermək də hətta arada vasitəçi olmaq da islam dininə görə haram hesab edilir”.
Maraqlıdır ki, 3 il bundan əvvəl “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda lombardların fəaliyyət mexanizminin tənzimlənməsi nəzərdə tutulsa da bununla bağlı layihələr hələ ki, razılaşdırma mərhələsindədir.