“Hazırda avtomobil bazarında sahibkarların faktiki olaraq satışla bağlı problemləri yaranıb”.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə:
“Apardığımız müşahidələr vəziyyətin təxminən 2 ay da bu cür davam edəcəyi təqdirdə sahibkarların bazardan çıxma təhlükəsi olduğunu göstərir. Yeni Avro-4 standartının Azərbaycanda tətbiqi lazımdır və bu qərarın dəyişdirilməsinə ehtiyac yoxdur. Amma Mərkəzi Bank kreditvermə ilə bağlı son qərarına yenidən baxmalıdır. Avtokreditlərin dayandırılması təkcə banklara, avtomobil bazarına deyil, eyni zamanda digər sahələrə də mənfi təsir göstərir”.
Ekspert bildirib ki, maşın bazarında satış demək olar ki, dayanıb.
R.Osmanlının sözlərinə görə, bazarda satılan 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı.
“Yəni əvvəl bir ayda 100 avtomobil satılırdısa, indi 20 avtomobil satılır”.
“Alqı-satqı bir ayın içində 8 dəfə azalırsa, bu təbii ki, bazara ciddi maddi ziyan vurmaq deməkdir”.